"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
ATİA Bakı şəhərində ağır tonnajlı yük avtomobillərinin hərəkətinə qoyulmuş məhdudiyyətlərlə bağlı Nazirlər Kabinetinə və digər qurumlara rəsmi müraciət edərək təkliflər verib.Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) Bakı şəhərində ağır tonnajlı yük avtomobillərinin hərəkətinə tətbiq edilən vaxt məhdudiyyətlərinin tikinti sektoruna mənfi təsirləri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflərlə rəsmi müraciət ünvanlamışdır.
Marja.az-ın əldə etdiyi məlumata görə, müraciətdə qeyd olunur ki, “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərara əsasən, icazə verilən maksimal kütləsi 5–8 tondan artıq olan yük avtomobillərinin paytaxt ərazisində gündüz saatlarında hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Bu isə tikinti materiallarının – beton, hazır məhlul, armatur, iriölçülü konstruksiyalar və digər yüklərin – əsasən gecə saatlarında daşınmasını zəruri edir.
ATİA-nın apardığı təhlillərə görə, mövcud məhdudiyyətlər tikinti sektorunda bir sıra istiqamətlər üzrə əlavə risklər, xərclər və ictimai narazılıq yaradır. Gecə rejimində logistika tələbi sürücülər və texniki heyət üçün iş rejiminin ağırlaşmasına, əmək və təhlükəsizlik xərclərinin artmasına, şəhər kənarında anbar və dayanacaqların təşkili zərurəti səbəbindən tikinti obyektlərinin maya dəyərinin yüksəlməsinə və vətəndaşların gecə istirahətinin pozulması fonunda narazılıqlara səbəb olur.
Assosiasiya bildirir ki, beton və prefabrik konstruksiyalar kimi vaxta həssas yüklərin yalnız gecə rejimində daşınması gündüz montaj işlərində material təminatında fasilələr yaradır. Bu isə podratçıların sifarişçilərlə bağladığı müqavilə öhdəliklərinin vaxtında icrasını çətinləşdirir, gecikmə və cərimə risklərini artırır.
ATİA-nın hüquqi qiymətləndirməsində qeyd edilir ki, ağır tonnajlı nəqliyyatın gündüz hərəkətinə qoyulan məhdudiyyətlər sanitariya və səs-küy normaları ilə toqquşma yaradır. Yaşayış zonalarında gecə saatlarında səs-küyün icazə verilən hədlərinin aşağı olması fonunda tikinti meydançalarında və obyektə gedən yollarda gecə yük maşınlarının intensiv hərəkəti, yükləmə-boşaltma və beton tökmə əməliyyatları məişət səs-küyünə dair tələblərlə ziddiyyət təşkil edir. Həmçinin vətəndaşların istirahət hüququnun pozulması ilə əlaqəli şikayətlər əsasında şirkətlər həm inzibati məsuliyyətə cəlb edilir, həm də işgüzar nüfuzları zədələnir.
Assosiasiya vurğulayır ki, hazırkı vəziyyətdə tikinti şirkətləri bir tərəfdən gündüz müddətində ağır yük avtomobillərinin hərəkətinə qoyulmuş məhdudiyyətə, digər tərəfdən isə gecə saatlarında səs-küy normalarına eyni vaxtda tam riayət etmək baxımından faktiki olaraq hüquqi və praktiki çıxılmazlıqla üzləşirlər.
ATİA mövcud məhdudiyyətlərin tam ləğvini deyil, tikinti sektorunun xüsusiyyətlərini nəzərə alan balanslaşdırılmış tənzimləmə modelinin hazırlanmasını təklif edir. Müraciətdə, o cümlədən aşağıdakı istiqamətlər irəli sürülür:
- Bakı şəhəri üzrə iri tikinti obyektlərinə aparan yollarda xüsusi “tikinti-logistika marşrutları” nın müəyyən edilməsi (ictimai nəqliyyat zolaqlarında) və nəqliyyatın sıx olmadığı gündüz saatlarında (11:00–15:00) məhdud sayda ağır tonnajlı yük avtomobillərinə kvotalı icazə verilməsi (hazırda icrası davam edən iri dövlət və özəl tikinti layihələri üçün müəyyən keçid müddəti ərzində daha çevik icazə rejiminin tətbiqi);
- tikinti obyektləri üçün AYNA ilə birgə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mərkəzləşdirilmiş ödənişli elektron icazə və kvota sisteminin tətbiqi;
- Nazirlər Kabinetinin aidiyyəti qurumları, nəqliyyat orqanları və sektor assosiasiyalarının nümayəndələrinin daxil olduğu birgə İşçi Qrupunun yaradılması və beynəlxalq təcrübə əsasında yeni tənzimləmə modelinin işlənməsi.
ATİA hesab edir ki, nəqliyyatın tənzimlənməsi və yol təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarların yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi Bakı şəhərində tikinti və infrastruktur layihələrinin daha planlı və təhlükəsiz icrasına, eyni zamanda əhalinin rahat yaşayış mühitinin qorunmasına xidmət edə bilər.
Assosiasiya bir daha qeyd edir ki, bu məsələ üzrə Nazirlər Kabineti və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa, analitik materialların, texniki təhlillərin və beynəlxalq təcrübəyə dair məlumatların təqdim edilməsinə hazırdır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























